CƏMİYYƏT


Azərbaycanda səfərdə olan nümayəndə heyətləri DOST Agentliyi və ilk “DOST” mərkəzində olublar

Bakı, 16 may, AZƏRTAC

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn nümayəndə heyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmış Dayanıqlı və Operativ Sosial Təminat - DOST Agentliyində və ilk “DOST” mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qonaqlara DOST Agentliyi barədə məlumat verib. Nazir bildirib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan bu agentliyin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və sahələr üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə əsasən reallaşdırılan "DOST" layihəsi dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı prinsipinə uyğun təqdim edilməsini nəzərdə tutur.

Nazir qeyd edib ki, yaradılan ilk mərkəzdə 126 növdə xidmət təqdim olunacaq. 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin yaradılması planlaşdırılır. Həmin mərkəzlərin xidmətləri 2,8 milyon şəxsi əhatə edəcək. Bu mərkəzlər bilavasitə, telefon və ya internet vasitəsilə müraciətlərə uyğun səyyar və digər üsullarla xidmətlər, habelə proaktiv, məsləhət və məlumat xidmətləri də göstərəcək.

Qonaqlara “DOST” mərkəzlərində xidmət göstərilməsi qaydaları, işçi kontingenti barədə də məlumat verilib. İlk mərkəzdə 96 nəfərin, “Gənc DOST” proqramı üzrə isə 50 könüllünün fəaliyyət göstərdiyi bildirilib.

Qonaqlar “Pensiya və sosial sığorta”, “Əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat”, “Məşğulluq xidmətləri”, “Sosial müavinətlər və təqaüdlər”, “Sosial xidmətlər və övladlığagötürmə məsələləri”, “Əmək münasibətləri”, “Sosial-hüquqi, sosial-pedaqoji, sosial-psixoloji, sosial-məişət xidmətləri”, “Bank və notarius xidmətləri” və s. xidmət bölmələrinin işi, burada çalışan sosial agentlərin, könüllülərin fəaliyyəti ilə yaxından tanış olublar. Onlar Azərbaycanın "DOST" layihəsini sosial sahədə mühüm innovativ yenilik, sosial xidmətlərdə vətəndaş məmnunluğuna nail olunmasında yeni uğurlu təcrübə kimi yüksək dəyərləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.