SİYASƏT


Azərbaycanda səfərdə olmuş misirli jurnalistlər yerli KİV-də ölkəmiz haqqında məqalələrlə çıxış ediblər

Qahirə, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 12-17-də ölkəmizə səfər etmiş misirli jurnalistlər yerli mediada Azərbaycan haqqında məqalələrlə çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycanla Misir arasında əlaqələrin inkişafı, iki dost ölkənin iqtisadi tərəqqisi və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən işlərin bənzərliyi və müqayisəli təhlili, Ermənistanın son təxribatları, işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri, Azərbaycanın məscidləri və ermənilərin dağıtdığı ibadət ocaqlarının bərpası, paytaxt Bakının görməli yerləri, o cümlədən Qız qalası, xalqımızın çay süfrəsi mədəniyyəti və digər mövzular əks olunub.

Misirin nüfuzlu “Cümhuriyyə” qəzeti jurnalist Mustafa Yasinin “Misir-Azərbaycan: İki ölkənin əməkdaşlığı üçün nümunə olan üç onillik, inkişaf və tərəqqi”, “Qarabağ: “Misir “Əl Amaeyn” Azərbaycan variantında”, “Azərbaycan məscidləri: İnanc və Vətən qalaları, kimlik məktəbləri”, “Qarabağ Azərbaycanın rəmzidir”, “Qız qalası Azərbaycanda məhəbbət əfsanəsi və vətənin müdafiə qalasıdır”, “Paxlava, şokolad və mürəbbə. Azərbaycanın çay süfrəsinin sirləri” sərlövhəli yazılarını dərc edib.

“Alqrar Alaraby” portalında isə misirli jurnalistlərin “Alqrar Alarabi” ermənilərin azərbaycanlılara qarşı qeyri-insani cinayətlərinin şahididir”, “Azərbaycanla Ermənistan arasında yeni qarşıdurmalar”, “Qarabağ Azərbaycanın Qələbəsi və inkişafının “parolu”dur. Normal həyata qayıtmaq və işğalın nəticələrini aradan qaldırmaq üçün hərtərəfli strategiya var” sərlövhəli məqalələrini yayımlayıb. Bu yazılarda ermənilərin Azərbaycan ərazilərində törətdikləri vandalizm və vəhşiliklər, etnik təmizləmə siyasəti, azad olunmuş torpaqlarda sürətlə davam edən bərpa və quruculuq işləri haqqında məlumatlar yer alıb.

“Şuryan.eg” və “Alrayes” informasiya portallarında yayımlanan “Şuryan Qarabağda ermənilərin azərbaycanlılara qarşı cinayətlərinin şahididir” sərlövhəli məqalədə erməni işğalçılarının Qarabağda azərbaycanlılara qarşı törətdikləri cinayətlər haqqında ətraflı məlumat verilib. Bu saytda dərc olunan “Ağdam ərəblərin Azərbaycanda olmasının şahididir” və “Azərbaycan sivilizasiyası erməni barbarlığına qalib gəlir. Davamlı inkişaf təxribatçı cinayətlərin izlərini silir və torpaqların qanuni sahiblərinin hüquqlarını bərpa edir” sərlövhəli yazılarda isə Ağdam rayonunda dağıdılmış İslam irsi abidələri, məscidlər, infrastruktur obyektləri barədə geniş məlumatlar yer alıb. Jurnalist, həmçinin Qənimətlər Parkından da geniş reportaj hazırlayıb.

Digər misirli jurnalist Muhammed Rafet Farac isə “Rayetmısr” və “Alvataneamag” portallarında sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar barədə məqalələrlə çıxış edib. Yazılarda vurğulanıb ki, İkinci Qarabağ müharibəsində şanlı Zəfər qazanan Azərbaycan dayanıqlı sülh və regional əməkdaşlıq təklifləri ilə çıxış edir. İşğalçı Ermənistan isə bunun əksinə olaraq, yeni təxribatlara əl atır, bununla da danışıqlar prosesinə zərbə vurur.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.