QAN YADDAŞI
Azərbaycanda şəhid ailələri və əlillər dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub
Bakı, 20 yanvar, AZƏRTAC
Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar faciəsinə əsl siyasi-hüquqi qiymət verməklə bərabər, “20 Yanvar şəhidi” fəxri adı da təsis edib. Ümummilli Lider bu faciənin qurbanlarının sosial müdafiəsini daim xüsusi diqqət mərkəzində saxlayırdı. Dahi şəxsiyyətin hakimiyyətdə olduğu dövrlərdə, eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım göstərilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar imzalanıb. Şəhid ailələrinin və əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasəti hazırda Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində faciənin 27-ci ildönümü münasibətilə 20 Yanvar meydanındakı Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksini ziyarətə gələn “20 Yanvar” Fondunun sədri Şövqü Bünyadzadə bildirib.
Ş.Bünyadzadə deyib: “Şəhid ailələrinə və əlillərə dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir. Şəhid ailələri dövlət tərəfindən birdəfəlik müavinət və təqaüd alır, dövlət büdcəsi hesabına mənzil və avtomobillərlə təmin edilirlər. Dünyada iqtisadi böhran hökm sürdüyü bir vaxtda şəhid ailələrinin və əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətimizin başçısının bu günlərdə imzaladığı fərmanlar göstərilən diqqət və qayğının əyani nümunəsidir. Bütün bunlara görə şəhid ailələri adından Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Fondun fəaliyyətindən söz açan Ş.Bünyadzadə bildirib ki, rəhbərlik etdiyi qurum 27 ildir fəaliyyət göstərir. Təşkilatın hazırda 400-dən çox üzvü var. Fond 20 Yanvar hadisələri zamanı şəhid olmuş insanların ailə üzvlərinin və əlillərin problemlərinin həllinə və hüquqlarının qorunmasına dəstək verir. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirən Fondun üzvlərindən heç kim diqqətdən kənarda qalmır.
“Şəhid ailələri adından demək istəyirəm ki, Azərbaycan bizim vətənimiz, qürur mənbəyimizdir. Çalışırıq ki, övladlarımız da vətənpərvər ruhda tərbiyə alsınlar. Torpaqlarımızı işğaldan azad etmək üçün bizdə vətənpərvərlik ruhu daim yüksək olmalıdır”, - deyə Ş.Bünyadzadə vurğulayıb.