CƏMİYYƏT
Azərbaycanda şəhid ailələrinin, əlillərin və veteranların tibbi-sosial problemlərinin həllinə yüksək qayğı göstərilir
Bakı, 17 oktyabr, AZƏRTAC
“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu həyata keçirdiyi “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi” layihəsi çərçivəsində oktyabrın 17-də “Şəhid ailələrinə və müharibə əlillərinə dövlət qayğısı” mövzusunda tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə layihə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Layihənin rəhbəri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Oruc bildirib ki, altı ay ərzində icra olunan layihənin məqsədi şəhid ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş sığorta pul vəsaitlərini almalarına və Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından rəy almış müharibə əlillərinin xarici ölkələrdə müalicələrinin aidiyyəti qurum tərəfindən təmin olunmasına hüquqi kömək göstərməkdir. Bu məqsədlə altı ay müddətində müxtəlif bölgələrdə aidiyyəti dövlət qurumlarının, müvafiq QHT-lərin nümayəndələrinin, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların iştirakı ilə tədbirlər keçirilib, bu qəbildən olan vətəndaşların tibbi-sosial problemlərinin həllinə kömək göstərilib, onlar arasında maarifləndirmə işləri aparılıb. O, əlilliyin təyin olunması, əlillik müayinəsinin nəticəsi, növbəti müayinənin vaxtı və digər məsələlər barədə məlumat almaq üçün yaradılmış “Tibbi-sosial ekspert komissiyalarında aparılmış sonuncu müayinəyə dair məlumatın verilməsi” elektron xidməti barədə tədbir iştirakçılarına məlumat verib.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial-tibbi problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirir. H.Rəcəbli vurğulayıb ki, şəhid ailələrinin, müharibə əlillərinin və veteranların problemlərinin həllinə daim xüsusi diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə müxtəlif fərman və sərəncamlar imzalayıb.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Şura Musayev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik-leytenant İbrahim Ağacanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Şaiq Məmmədov, Dövlət Sosial Siğorta Kommersiya Şirkətinin şöbə müdiri Əfqan Hüseynov və digərləri çıxışlarında aidiyyəti qurumlarla səmərəli əməkdaşlıq şəraitində reallaşdırılan layihə çərçivəsində şəhid ailələri, əlillər, veteranlar və hərbi qulluqçular arasında aparılan maarifləndirmə işlərinin əhəmiyyətini vurğulayıblar.
Sonra layihə çərçivəsində görülən işlər və qarşıdan duran məsələlərin həlli istiqamətində müzakirələr aparılıb.