İQTİSADİYYAT
“Azərbaycanda sənaye sahələri üzrə su və tullantı sularının idarə olunması” mövzusunda onlayn təlim keçiriləcək
Bakı, 9 sentyabr, AZƏRTAC
Hazırda Azərbaycanda suyun daha səmərəli istifadə edilməsinə və tullantı sularının təmizlənməsinin səmərəliliyinə tələb artır.
Alman-Azərbaycan Xarici Ticarət Palatasından (“AHK-Azərbaycan”) AZƏRTAC-a bildirilib ki, sentyabrın 23-dən "Azərbaycanda sənaye sahələri üzrə su və tullantı sularının idarə olunması" mövzusunda onlayn təlim kursu təşkil ediləcək. Beş moduldan ibarət təlim kursu Azərbaycanda sənaye şirkətlərinin, dövlət qurumlarının və bələdiyyə xidmət təminatçılarının mütəxəssislərini ixtisaslaşdırmaq və müəssisələrdə suyun səmərəli sərfiyyatı və təmizlənməsi ilə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyır. Təlim kursu "Su təchizatı və suyun idarə edilməsi”, “Qurğuya daxil olan suyun təmizlənməsi, saxlanması və suyun paylanması”, “Vahid ətraf mühitin mühafizəsi və su qıtlığı”, “Sudan istifadə və təkrar istifadə”, “Tullantı sularının təmizlənməsi və axıdılması”, “Beynəlxalq standartlar: DIN-ISO 14001” mövzularını əhatə edir. İngilis dilində keçiriləcək təlim oktyabrın 21-də başa çatacaq.
Qeyd edək ki, Almaniyanın “Arqum” şirkətinin dünya miqyaslı, təcrübəli mütəxəssisləri “DIN-ISO 14001” beynəlxalq standartlarına uyğun bilik və bacarıqları təqdim edir, şirkət işçilərinə su ehtiyatlarını mühafizə etmək üçün effektiv tədbirlərin həyata keçirilməsində təlimlər keçirir.