CƏMİYYƏT
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
Bakı, 22 iyun, AZƏRTAC
İyulun 1-dən Azərbaycanda keçirilməsinə icazə veriləcək şənlik mərasimlərində (toy, nişan, ad günləri və s.) iştirak üçün yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd tələb olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.
Qərar əsasən, şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi ləğv edilir.
Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.