CƏMİYYƏT


Azərbaycanda sosial layihələrin reallaşdırılması pandemiya şəraitində də dövlətimizin başçısının diqqətindədir

Bakı, 30 iyun, AZƏRTAC

Bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyası, demək olar ki, bütün sahələrdə vəziyyəti gərginləşdirib. Əksər ölkələrin iqtisadi vəziyyəti xeyli zəifləyib. Ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi koronavirusun əhalinin həyat tərzinə mənfi təsirinin, sosial layihələrin reallaşdırılmasına yaratdığı problemin qarşısını alır. Dövlətimizin başçısı dəfələrlə bildirib ki, heç bir maneə sosial layihələrin icrasını dayandıra bilməz. Son vaxtlar ölkə Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın reallaşdırılan sosial layihələrin açılış mərasimlərində iştirakı da bundan xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə deyib ki, ümumiyyətlə, sosial layihələrin icrası daim prioritet vəzifə kimi qarşıya qoyulub. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasət Azərbaycan cəmiyyətində böyük razılıqla qarşılanır. Çünki bu siyasət müxtəlif sosial qrupların həyat tərzinin daha da yaxşılaşdırılmasına, insan amilinə hörmətin formalaşdırılmasına, siyasi sabitliyin bərqərar olmasına etibarlı zəmin yaradan konseptual inkişaf yoludur. Bu, həm də ölkədə etibarlı sosial müdafiə sisteminin yaradılmasını gerçəkləşdirir. Prezidentin bu günlərdə Mingəçevirə səfəri zamanı “Azərbaycan” İstilik Elektrik Stansiyasında yenidənqurma işləri ilə tanışlığı zamanı da bunun şahidi olduq. Son iki ildə burada aparılan yüksək səviyyəli yenidənqurma işləri bir daha təsdiqlədi ki, ölkə Prezidentinin kadr islahatları öz müsbət nəticəsini göstərir.

Bir neçə il əvvəl burada baş vermiş qəza nəticəsində respublikamızın bölgələri bir müddət enerji sarıdan ciddi korluq çəkdi. Bu da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin əvvəlki rəhbərliyinin laqeyd münasibətinin və işdə yol verdiyi ciddi nöqsanların nəticəsi idi. Dövlətimizin başçısı da bu məsələyə münasibət bildirərkən dedi ki, iki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaranlığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi.

Prezident İlham Əliyevin son iki il ərzində “Azərbaycan” İstilik Elektrik Stansiyasında görülən işlərə yüksək qiymət verməsi, eyni zamanda, ölkəmizdə həyata keçirilən kadr islahatının gözəl bəhrəsi idi. Son iki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işlərinin sürətlə aparıldığı göz önündədir. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəlib. Hazırda “Azərbaycan” İES-in fəaliyyəti yeni tikilən inzibati binadan həyata keçirilir. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.

Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, fəaliyyətinin əsasını yaradan mənbədir. Elektrik enerjisi olmasa heç nəyə nail olmaq mümkün deyil. Ümumiyyətlə, elektrik enerjisi olmadan inkişafdan, tərəqqidən, investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf da yoxdur. Son 17 il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər, ölkəmizdə 30 elektrik stansiyasının tikilməsi də dövlət başçısının diqqət mərkəzində saxladığı prioritet vəzifədir.

Unutmamalıyıq ki, Azərbaycan həm də Avropada enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayan ölkələrdəndir. Ona görə də belə bir statusa malik dövlətin enerji təminatı davamlı və etibarlı əllərdə olmalıdır. Bu baxımdan, ölkədə aparılan islahatlar, xüsusilə kadr islahatları yüksək dəyərə malikdir. Əgər iki il əvvəl bu sahədə kadr islahatları aparılmasaydı, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirilməsəydi, bu gün “Azərbaycan” İstilik Elektrik Stansiyasında belə bir xoş mənzərənin şahidi olmazdıq.

Göründüyü kimi, pandemiyanın tüğyan etdiyi bir vaxtda da dövlətimizin başçısı respublikamızın bütün sahələrinin inkişafını əhatə edən daha bir mühüm əhəmiyyətli layihənin - “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının reallaşdırılmasına imza atdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.