Azərbaycanda startaplara dəstək mexanizmləri müzakirə edilib
AzerTAg.az

Bakı, 14 oktyabr, AZƏRTAC
“EnterpriseAzerbaijan” portalı, Azərbaycan Banklar Assosiyasiyası (ABA) və Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) arasında əməkdaşlıq görüşü keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, görüşdə yeni kiçik sahibkarlar üçün proqramlar, mentorluq və layihə dəstəyi həyata keçməsi ilə yanaşı, startlaplara dəstək mexanizmi, layihələrin iqtisadi inkişaf yolları, əkin əvvəli və toxum inkişaf mərhələlərində startapları kommersiyalaşdırma məsələsi, eləcə də ABA-nın ABTM vasitəsi həyata keçirdiyi təlim sahəsindəki fəaliyyəti müzakirə olunub.
Xatırladaq ki, “www.enterpriseazerbaijan.com” portalı Prezident İlham Əliyevin “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 sentyabr tarixli Sərəncamı əsasında İİTKM tərəfindən yaradılıb. “www.enterpriseazerbaijan.com” internet portalının məqsədi Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması üçün ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirmək, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli imkan yaratmaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var