REGİONLAR
Azərbaycanda taxıl sahələrinin 88,3 faizi biçilib
Bakı, 8 iyul, AZƏRTAC
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyulun 8-nə olan operativ məlumata görə, ölkə ərazisində 897 min 169 hektar ərazidə taxıl biçini aparılıb, 331 min 909 hektar ərazidə arpa, 565 min 260 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 2 milyon 847 min 162,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər və Füzuli rayonlarında isə taxıl biçini başa çatmaq üzrədir.
İsmayıllı ərazisində arpa əkilmiş 6173 hektar sahənin 6027 hektarı, buğda əkilmiş 23 min 200 hektar zəminin isə 21 min 593 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 31,7 s/ha, buğda üzrə məhsuldarlıq isə 37,7 s/ha təşkil edir.
Kürdəmir ərazisində arpa əkilmiş 29 min 926 hektar zəmi və buğda əkilmiş 18 min 120 hektar sahənin 18 min 93 hektarı artıq biçilib. Rayonda arpa üzrə məhsuldarlıq 33,3 s/ha, buğda üzrə məhsuldarlıq isə 34,5 s/ha təşkil edir.
Ağdaş, Beyləqan, Tərtər, Qəbələ və Qax rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.