İQTİSADİYYAT
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 980 mini ötüb
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycanda təbii qazla təmin edilən abonentlərin sayı 1 milyon 980 mini ötüb.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, birlik istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini cari ildə də davam etdirir.
Bu ilin noyabr ayı ərzində İB-də əhali sektoru üzrə 14 min 717 yeni abonent qeydiyyata alınıb ki, bunun da 6 min 755-i Bakı, Abşeron və Sumqayıt, 7 min 962-si isə regionlar üzrədir. Bununla da, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 milyon 980 min 526-ya çatıb.
Dekabrın 1-nə olan məlumata görə, əhali sektoru üzrə 133 min 316 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin edilib. Qeyri-əhali sektoru üzrə 386 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.