ELM VƏ TƏHSİL


Azərbaycanda təhsil sahəsində aparılan islahatlar beynəlxalq arenada yüksək qiymətləndirilir

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Azərbaycan məktəbi bu gün yeniləşir, modernləşir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə yeni korpusun açılışı təhsilə olan diqqət və qayğının əyani sübutudur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyeva bildirib ki, 251 nömrəli orta məktəbin əsaslı şəkildə təmir olunması, eyni zamanda, dördmərtəbəli, 840 şagird yerlik yeni korpusun inşası Nizami rayonunun həmin ərazidə yaşayan sakinlərinə, şagirdlərinə və valideynlərinə bir hədiyyə oldu: “Bu gün Nizami rayonunda demək olar ki, təmirsiz məktəb yoxdur. Şagirdlərimiz yüksək səviyyədə inşa edilmiş təhsil ocaqlarında oxuyurlar. Onların mükəmməl təhsil almaları üçün hər bir şərait təmin edilib. Bütün bunlara görə hər bir rayon sakini Prezident İlham Əliyevə təşəkkürünü bildirir.

Bu gün Prezident İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir. Son 17 ildə ölkədə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub və nəticədə 1 milyondan çox şagirdin təlim-tədris şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. Dövlət təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Azərbaycanın təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunması, göstəricilərinin dünyanın bir çox ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir”.

S.Vəliyeva təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri də xüsusi qeyd edib: “Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramını diqqətə çatdırmaq olar. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.