ELM VƏ TƏHSİL


Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir

Bakı, 16 sentyabr, AZƏRTAC

Hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə dövlət tərəfindən təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Bu fikri AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və təhsil eksperti Elmina Kazımzadə deyib. O bildirib ki, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadəsi ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət kimi seçib.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Son illərdə ölkəmizdə heç bir dövrdə olmayan qədər məktəblər tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Bu proses ən ucqar kəndlərdən tutmuş mərkəzə qədər sistemli şəkil alıb. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb.

Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu qayğı təhsilin bütün pillələrində özünü göstərir. Hətta uşaqların məktəbəqədər və ibtidai təhsilə səmərəli keçidini dəstəkləməsi üçün qabaqcıl addımlar atılır: “Son illərdə uşaqların təhsilə cəlb olunması sahəsində mühüm proqramlar həyata keçirilir. İcma əsaslı məktəbəqədər təhsil və ibtidai siniflər üçün ehtiyat dərsliklərin hazırlanması layihələri təhsildə məktəbəqədər və ibtidai mərhələlər arasında harmonik və keyfiyyətli keçid dövrü üzrə mexanizmlərin işlənməsi və tətbiqidir. Bu və digər layihələrin icrası göstərir ki, Azərbaycanda təhsilə diqqət bütün pillələrdə var və pedaqoji cəmiyyətin və valideynlərin fəal iştirakı ilə həyata keçir”.

“Təhsilin inkişafına göstərilən yüksək diqqət həm də Azərbaycanın dünya miqyasında tanıdılmasına, öz layiqli yerini tutmasına xidmət edir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, hazırda müstəqil Azərbaycan dövləti öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi gəlirlərə bağlamır, həm də mövcud resurslarını güclü insan kapitalının formalaşdırılması yönündə qurur. Son illərdə təhsilin inkişafına xidmət edən fərman və sərəncamların imzalanması, dövlət proqramlarının təsdiq edilməsi ölkə rəhbərinin bu sahəyə necə böyük həssaslıqla, diqqətlə yanaşdığının göstəricisidir”, – deyə Elmina Kazımzadə qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.