ELM VƏ TƏHSİL


Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritetlərindən biridir VİDEO

Bakı, 16 sentyabr, AZƏRTAC

Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində yerləşən 28 nömrəli tam orta məktəbdə sentyabrın 16-da təhsil konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritetlərindən biri olduğunu söyləyib. Qeyd edib ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf, yeniliklər müşahidə olunur. Belə təhsil müəssisələrinin yaradılması bunun göstəricilərindən biridir. Bütün bunlar Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısının nəticəsidir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi illər ərzində təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərdən biri yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqla təminatı oldu. Qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi də əsas istiqamətlərdən biri kimi qeyd edilməlidir.

Sonra icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova Sabunçu rayonu üzrə 2017-2018-ci tədris ilinin yekunu barədə məlumat verib. Bildirib ki, 62 min 739 şagirddən 2787-si məzundur. 2296 abituriyent ali məktəbə sənəd verib. 69,4 faiz, yəni, 1594 nəfər ali məktəblərə qəbul olub. İki abituriyent isə maksimum bal - 700 bal toplayıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, professor Eldar Quliyev bildirib ki, 2018-ci il Azərbaycan dövləti üçün çox əhəmiyyətli ildir. Bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişaf var. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə bu sahədə görülən işlər təqdirəlayiqdir. Ötən dövr ərzində tikilən təhsil müəssisələrinin sayı 3700-ə qədərdir. Savalan yaşayış massivində bu günlərdə açılışı olmuş 28 nömrəli tam orta məktəbdə də şagirdlər və müəllimlər üçün gözəl şərait yaradılıb. Bütün bunlar onun göstəricisidir ki, ölkə Prezidenti təhsil sahəsinə daim diqqət və qayğı ilə yanaşır.

Milli Məclisin deputatı Fazil Mustafa ölkəmizdə bu günlərdə keçirilən mühüm tədbirlərin əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycanda “Bilik günü” qeyd olunmaqla yanaşı, Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm parad keçirilib. Hər iki əlamətdar hadisə ölkə tarixində mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, bildiyimiz kimi, Prezident İlham Əliyev bu ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Ona görə də hər bir məktəbdə Cümhuriyyətlə bağlı guşənin yaradılması yaxşı olardı. Bu, şagirdlərin müəyyən məlumatları həmin guşələrdən öyrənmələri üçün əhəmiyyətlidir.

Konfransda digər çıxış edənlər ölkəmizdə ildən-ilə inkişaf edən təhsil sahəsində uğurlu nailiyyətlərin əldə olunduğunu vurğulayıblar. Bildiriblər ki, yeni-yeni məktəblərin açılması, dövlətimizin başçısının bu məktəblərə getməsi, tapşırıqlar verməsi bizə bir daha imkan verir ki, yeni dərs ilində daha böyük uğurlar qazanaq.

Daha sonra ali məktəblərə qəbul zamanı yüksək bal toplamış abituriyentlər, təhsil sahəsində nailiyyətlər əldə etmiş direktor və müəllimlər mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.