ELM VƏ TƏHSİL
Azərbaycanda təhsilin inkişafı və müasir səviyyəyə yüksəlməsi Ümummilli Liderin adı ilə bağlıdır
Bakı, 12 may, AZƏRTAC
Bakının Nərimanov rayonundakı 93 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş sərgi keçirilib. Şagirdlərin əl işlərindən ibarət sərgidə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotoşəkillər və kitablar da yer alıb.
Sərginin açılış mərasimində məktəbin direktoru Zenfira Mahmudova ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi zaman məktəblilərə və təhsilə göstərdiyi qayğıdan danışıb. Söhbət zamanı özünün məktəb illərini xatırlayan direktor bildirib ki, onun Ulu Öndərlə ilk tanışlığı şagird olduğu dövrə təsadüf edir. Z.Mahmudova Ümummilli Liderin zəngin irsinin gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, gərgin geosiyasi məkanda yerləşən ölkəmizin bugünkü inkişafı Heydər Əliyev siyasi kursunun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olub.
Sonda sərgiyə ən yaxşı əl işi təqdim etmiş şagirdlərə diplom və sertifkatlar verilib.