SİYASƏT
Azərbaycanda tətbiq olunan yeni idarəetmə modeli ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək - Deputat
Bakı, 30 mart, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri Qarabağ regionunun dirçəldilməsi, tarixi şəhər və kəndlərimizin bərpası və yenidən qurulması, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmaları oldu. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa tədbirləri ekologiya, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil və digər sahələr üzrə hərtərəfli şəkildə həyata keçirilir. Sözügedən ərazilərdə “yaşıl” kənd təsərrüfatı, “ağıllı şəhərlər və kəndlər” konsepsiyasının tətbiqi, “yaşıl” enerji zonasının yaradılması kimi yeni layihələrin icrasına artıq başlanılıb.
Bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov AZƏRTAC-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Qarabağ regionunun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biri olan Laçın rayonunda da hazırda bərpa və yenidənqurma tədbirləri sürətlə davam etdirilir. Ölkəmizin ən böyük rayonlarından olan Laçın rayonu istər mövqeyinə, istər iqtisadi, istərsə də ekoloji potensialına görə xüsusi önəm daşıyır. Prezident İlham Əliyev Laçın rayonuna xüsusi nümayəndənin təyin olunması ilə əlaqədar qəbulda çıxışında ölkə ictimaiyyətinə görülən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verdi.
“Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri başa çatmaq üzrədir. Bununla yanaşı, rayonda beynəlxalq hava limanı, yollar və tunellərin inşasına başlanılıb. Kəlbəcər-Laçın yolu yenidən qurulur, Göygöl rayonundan Şərqi Zəngəzura yol açılır, Qubadlı-Laçın yolu inşa olunur. Laçınlıların doğma torpaqlarına ən qısa müddətdə qayıtmaları üçün də işlər sürətli şəkildə davam edir. Fərdi evlər tikilir, ermənilər tərəfindən dağıdılmış evlər bərpa olunur, yaşayış binaları və ictimai binaların inşası sürətlə davam edir. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, bütün bunlar 2024-cü ilin sonuna qədər minlərlə laçınlının doğma diyarına qayıdacağını göstərir.
Bildiyimiz kimi, Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Bu ölkə ərazisi üzrə Prezident İlham Əliyev tərəfindən Qarabağ, Şuşa, Naxçıvan və Zəngilandan sonra təyin edilən sayca beşinci xüsusi nümayəndədir. Ölkəmizdə tətbiq olunan yeni idarəetmə modeli böyük quruculuq işlərindən və gələcəyin yeni idarəetmə təfəkküründən xəbər verir. Bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”, - deyə deputat vurğulayıb.