ELM VƏ TƏHSİL
Azərbaycanda texnologiyaların transferi imkanları öyrənilir
Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPİ) birgə təşkilatçılığı ilə “Azərbaycanda texnologiya transferi və elmin kommersiyalaşdırılmasının təşviqi” layihəsi çərçivəsində növbəti seminar keçirilib.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin Şərq ölkələri ilə əlaqələr şöbəsinin müdiri Bünyamin Seyidov, STEPİ-nin nümayəndələri - təlimlər qrupunun rəhbəri Eun Yo Kim, layihənin koordinatoru So Hyun Kvon, Hanbat Universitetinin professoru Yonq İn Çoi, o cümlədən AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə YT Parkın direktoru, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Samir Məmmədov seminarın əsas məqsədinin koreyalı alimlərlə birgə Azərbaycanda texnologiyaların transferi və elmi nailiyyətlərin kommersiyalaşdırılması imkanlarının öyrənilməsindən ibarət olduğunu deyib.
Sonra çıxış edən Eun Yo Kim 2017-ci ildən etibarən AMEA ilə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Bildirib ki, iki qurum arasında əməkdaşlıq münasibətləri yalnız texnologiyaların transferini deyil, həmçinin texnoparkların idarəolunmasını, startap ideyalarının həyata keçirilməsini əhatə edir. STEPİ-nin 70 illik təcrübəsi olduğunu deyən E.Y.Kim Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. O, həmçinin Koreya universitetləri ilə əlaqələr qurmaq istəyən seminar iştirakçılarına lazımi dəstək veriləcəyini söyləyib.
Seminarda, həmçinin Koreyanın Hanbat Universitetinin professoru Yonq İn Çoinin “Texnoloji sahibkarlıq və ideya əsaslı startap”, YT Parkın şöbə müdiri Zaur Əhmədzadənin “2019-cu il üzrə inkişaf və nailiyyət layihəsi” və “Innova Ventures Group”un rəhbəri Vüsal Süleymanlının “Koreyada STİ potensialının inkişafı üzrə səyyar təlimdən sonra tətbiq və inkişaf halları” mövzularında çıxışları dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.