İQTİSADİYYAT


Azərbaycanda turistlər özlərini rahat hiss edir

Bakı, 13 sentyabr, AZƏRTAC 

Məlumdur ki, bu il Azərbaycana gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Xüsusilə də Bakının tarixi məkanlarında, muzeylərdə, şəhərin mərkəzi hissələrində müxtəlif ölkələrdən çoxsaylı turistlərlə rastlaşmaq mümkündür. Ərəb ölkələrindən gələnlər isə nəzərəçarpacaq dərəcədə çoxdur. Onlardan bir neçəsinin ölkəmiz haqqındakı fikirlərini bundan əvvəl öyrənmişdik. Bu dəfə də eyni məqsədlə şəhərimizin qonaqlarının təəssüratlarını bilmək üçün üz tutduq paytaxtın mərkəzinə.

 Ölkənizin təbiətinə heyran qalmamaq mümkünsüzdür

Ailəsi ilə Azərbaycana gələn iraqlı turist Abdul Abbas deyir ki, onların ölkəsində buradakı kimi fərqli iqlim yoxdur: “Azərbaycan gözəl ölkədir, turizmi də çox inkişaf edib. İnsanlar da rahat yaşayır. Dinindən, millətindən asılı olmayaraq, kimsəni narahat etmirlər. Ölkənizdə mükəmməl tolerantlıq mühiti var. Bir çətinlik olduqda işanlar bir-birinə kömək etməyə çalışırlar. Əgər imkanım olsaydı, həmişəlik burada yaşamaq istərdim”.

Həmsöhbətim bildirir ki, Azərbaycanda gördüyü qonaqpərvərliyə, xoş münasibətə görə artıq üçüncü dəfədir ki, ölkəmizə gəlib: “Bakı və Qəbələdə olmuşam. Bakı çox yaxşı şəhərdir, paytaxtdan kənarda isə sıx yaşıl meşələr var. Burada məni narazı salacaq bir şeylə qarşılaşmamışam. Küçələrdə gülərüz insanlar bizə çox xoş təsir bağışlayır. Bir daha bu ölkəyə geri dönmək arzusu ilə İraqa qayıdacağam”.

İraqdan gələn digər turist Bilal İyad Azərbaycana qışda da gələcəyini bildirir. O, Bakıya dostları ilə gəlib, qışda isə ailəsini də gətirəcəyini deyir. Onlar İçərişəhərdə olub, Qız qalası, Şirvanşahlar sarayı və digər görməli yerlərə baş çəkiblər. Bir sözlə, ölkənizin təbiətinə heyran qalmamaq mümkünsüzdür.

 Bakı tarixi görkəmini qoruyub saxlayır

Əhməd Hüseyni İranın paytaxtı Tehrandan gəlib. İlk dəfədir ölkəmizdə olduğunu bildirən qonaq burada bir həftə qalacağını deyir: “Bakı haqqında çox eşitmişəm. Qədim şəhərin küçələrində gəzmək mənə çox xoş təsir bağışlayır. Azərbaycanlı və iranlılar eyni dini, eyni mədəniyyəti və eyni tarixi dəyərləri bölüşürlər. Ona görə də burada olmaq iranlı turistlər üçün çox xoşdur və heç bir çətinliyimiz yoxdur”. 

Qonaq bildirir ki, bir neçə gün ərzində paytaxtı gəzmək imkanı olub. Bakı çox müasirləşsə də, öz tarixi görkəmini qoruyub saxlayır. Bu da insanların öz tarixinə, mədəniyyətinə nə dərəcədə önəm verdiyini nümayiş etdirir.

Həmsöhbətim Bakıda turistlərə göstərilən xidmətdən razı qalsa da, ölkəsi ilə müqayisədə qiymətlərin bir qədər yüksək olduğunu dedi.

 Paytaxtdan bölgələrə

Səudiyyə Ərəbistanından olan Məhəmməd Abdullətif ölkəmizin təbiətinə heyran qalıb: “İndi bizim ölkədən Azərbaycana çox turist gəlir. Mən də tanışlarımdan ölkəniz haqqında, turizm imkanları barədə eşidib gəldim. Paytaxtınız çox təmiz şəhərdir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər. Mən Bakı ilə yanaşı, Qəbələ və Qubada da olmuşam. Oralar sanki cənnətdir. Düzü, Azərbaycan təbiətini belə gözəl təsəvvür etmirdik. Burada qar da görmək istəyirdim. Yəqin ki, bunun üçün qış fəslində də buraya gələcəyəm”. 

Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş Samiah Əlğişi də ölkəmizin onda zəngin təəssürat yaratdığını bildirir: “Azərbaycan haqqında bura gələn dostlarımızdan eşitdik. On gündən artıqdır ki, buradayıq. Həqiqətən də, bura çox gözəl ölkədir. İnsanları qonaqpərvər, mətbəxi zəngin, qiymətlər də baha deyil. Hələ ki Bakıdan başqa digər yerlərdə olmamışıq. Bölgələrə də getməyi düşünürük. Bu günlər ərzində Bakının tarixi yerlərini, ticarət mərkəzlərini gəzmişik”.

Artıq Bakının bəzi dükan və restoranları da öz işlərini Azərbaycana daha çox turist göndərən ölkələrin vətəndaşlarının istəyinə uyğun qurmağa çalışır. Mərkəzi küçələrdə yerləşən belə obyektlərin qarşısında ərəbcə reklam lövhələrinə rast gəlmək olur. Belə addımların atılması aidiyyəti qurumlar tərəfindən turistlər üçün yaradılan rahat şəraitə bir növ dəstəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.