MƏDƏNİYYƏT
Azərbaycanda turizm sahəsinə çox böyük diqqət göstərilir
Bakı, 23 aprel (AZƏRTAC). Azərbaycanda turizm sahəsinə çox böyük diqqət göstərilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edərkən demişdir.
Turizmin inkişafının xüsusi əhəmiyyət daşıdığını qeyd edən dövlətimizin başçısı vurğulamışdır: “Xoşbəxtliyimiz ondadır ki, bizim çox gözəl ölkəmiz vardır. Bəlkə dünya xəritəsində çox nadir hallarda belə gözəl, təbii imkanlara malik ölkəyə rast gəlmək olar.
Bizim doqquz iqlim qurşağımız, gözəl dənizimiz, dağlarımız, çaylarımız, bulaqlarımız vardır. Ona görə turizmin inkişafında, xüsusilə coğrafi vəziyyətimizi və Azərbaycanda hökm sürən sabitlik, ictimai-siyasi asayiş, təhlükəsizlik - bütün bu amillər turistlərin cəlb olunmasında xüsusi rol oynayır”.
Hazırda Bakıda beşulduzlu mehmanxanalar tikildiyini, orada xidmət səviyyəsinin çox yüksək olacağını bildirən Prezident İlham Əliyev bunun üçün xüsusi kadrların hazırlanması üçün təkcə Bakıda deyil, bölgələrdə də turizm sahəsi üzrə peşə məktəblərinin sayının artırılacağını demişdir.