MƏDƏNİYYƏT


“Azərbaycanda turizm: strateji baxış” mövzusunda ictimai müzakirə keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Azərbaycan Dövlət İqtisad Universitetində “Azərbaycanda turizm: strateji baxış” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisinin Xidməti, Mədəniyyət və Turizm Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycanda turizmin daha da inkişaf etdirilməsi yollarının araşdırılması məqsədilə təşkil olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış edərək iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlardan danışıb. Bildirib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycanda da qeyri-neft sektorunun daha da inkişaf etdirilməsini sürətləndirib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olması ilə yanaşı, son illər bu sahədə görülən işlər haqqında məlumat verib.

Qeyd olunub ki, son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır: “Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-dək turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb”.

Əbülfəs Qarayev turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib. Həmçinin vurğulayıb ki, mədəniyyət və turizmin qarşılıqlı inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər daha da sürətləndiriləcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə, Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çıxış edərək Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıblar.

Bildirilib ki, neft gəlirlərindən istifadə edilərək ölkəmizdə böyük infrastruktur layihələri icra olunub və bu sahədə həyata keçirilən işlər uğurla davam etdirilir. Çıxışlarda ölkə iqtisadiyyatının əsas istiqamətlərindən biri olan turizmin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Tədbir Azərbaycan Turizm və Menecment Universitetinin rektoru, professor Cəfər Cəfərovun moderatorluğu ilə ictimai müzakirələrlə davam edib.

Müzakirələrdə ölkəmizdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin 11 istiqamətindən biri olan turizm sənayesinin inkişaf etdirilməsindən söz açılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.