REGİONLAR
Azərbaycanda vətənpərvər gənclik yetişir
Tovuz, 13 fevral, Famil Quliyev, AZƏRTAC
Tovuzda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının altıncı ildönümü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə fevralın 13-də Tovuzdakı Heydər Əliyev Mərkəzində tədbir keçirilib.
Əvvəlcə Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşları Heydər Əliyev meydanında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlər xiyabanında torpaqlarımız uğrunda gedən döyüşlərdə şəhid olan tovuzluların məzarları ziyarət olunub.
Mərkəzdə davam etdirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov çıxış edərək bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ölkədə səfərbərlik işinin təşkili, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, şəffaflıq əsasında həqiqi hərbi xidmətə cəlb edilməsi və ordu quruculuğu sahəsində dövlət xidmətini həyata keçirir. Dövlət Xidmətinin fəaliyyət istiqamətinə uyğun olaraq, xidmətin Tovuz rayon şöbəsi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin, vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində mütəmadi olaraq ictimai tədbirlər reallaşdırır. Bunun nəticəsidir ki, Azərbaycanda, o cümlədən Tovuzda vətənpərvər gənclik yetişir. Aprel döyüşləri zamanı yüzlərlə tovuzlunun düşmənlə döyüşmək üçün könüllü müraciət etməsi bunun bariz nümunəsidir.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, rayon icra hakimiyyəti başçısının müavini Təranə Bayramova, Qarabağ müharibəsi veteranı Nazim Quliyev və başqaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin əməkdaşlarını təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi Elməddin Cəfərov Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirib.