REGİONLAR
Azərbaycanda yaşayan xalqlar əsrlər boyu öz zəngin mədəniyyəti ilə seçiliblər
Biləsuvar, 17 may, Mahir Babayev, AZƏRTAC
Mayın 17-də Biləsuvarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Sülhü tərənnüm edən İslam” adlı konfrans və kitab sərgisində Azərbaycanın milli mədəniyyətinin və gündəlik məişətinin tarixən islami dəyərlər ilə zəngin olduğu, habelə İslamın sülhsevərliyi yerli və xarici vətəndaşlara nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsinə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elçin Hüseynov, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi və Sudanın səfirinin müavini Muhammed Elballa Osman iştirak ediblər.
“Sülhü tərənnüm edən İslam” adlı konfransdakı çıxışlarda qeyd olunub ki, 2017-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Qərb və Şərqin qovuşuğunda yerləşən Azərbaycanda yaşayan xalqlar əsrlər boyu öz zəngin mədəniyyəti ilə seçiliblər. İslami dəyərləri özündə ehtiva edən milli mədəniyyətimiz dünya mədəniyyət xəzinəsinin zənginləşməsinə misilsiz töhfələr verib.
Diqqətə çatdırılıb ki, insanları İslamofobiya və dini radikalizm kimi təzahürlər ilə mübarizəyə dəvət edən “İslam Həmrəyliyi İli” ölkəmizin sülhsevər imicinin təsdiqlənməsinə xidmət edəcək.
Tədbirin sonunda şəxsi kolleksiyalarında və muzeylərdə saxlanılan ərəb dilində yazılmış müxtəlif xarakterli qədim dini kitablar nümayiş olunub.