SİYASƏT
Azərbaycandakı dini konfessiyaların rəhbərləri tarixi-mədəni abidələrimizin bərpası sahəsində görüləcək işlərə xeyir-dualar verir
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycanın dövlət başçısı öz müraciət və müsahibələrində dəfələrlə bəyan edib ki, Azərbaycanın digər ərazilərində olduğu kimi işğaldan azad olunmuş torpaqlarda da bütün dini və mədəni abidələr, ibadət evləri bərpa ediləcək, hər bir insanın inancına hörmətlə yanaşılacaq, sülh şəraitində birgəyaşayış təmin olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatında deyilir.
“Tarix boyu Azərbaycanda firavan yaşayan və öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirən xristian pravoslav, katolik, Dağ yəhudiləri, Alban-udi xristian, aşkenazi-Avropa yəhudiləri və digər dini icmalarının rəhbərləri olaraq Azərbaycanın bu sülhpərvər siyasətini dəstəkləyir, tariximizin və mədəniyyətimizin bərpası sahəsində görüləcək möhtəşəm quruculuq işlərinə xeyir-dualar veririk”, - deyə bəyanatda vurğulanır.
Bəyanat dünya ictimaiyyətinə müraciətlə tamamlanır: “Biz, Azərbaycandakı dini konfessiya rəhbərləri xarici ölkələrin dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatların rəhbərlərinə, dini liderlərə və dünya ictimaiyyətinə müraciət edərək, onları ölkəmizdə və yaşadığımız bölgədə sülh, əmin-amanlıq və birgəyaşayışın bərqərar olmasına dəstək verməyə çağırırıq!”.