SİYASƏT


Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi Şuşa şəhərinə səfər edib VİDEO

Şuşa, 9 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə tanışlıq səfərlərinin təşkili davam etdirilir. İyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.

Diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikinti işlərinin gedişi və “Füzuli” yarımstansiyası ilə tanış olublar.

Məlumat verilib ki, Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş hava limanının tikinti işlərinə Azərbaycanın xarici tərəfdaşları, o cümlədən İtaliya və Türkiyə şirkətləri cəlb olunub. Aeroportun uçuş-enmə zolağının tikintisinin sentyabradək, hava limanının inşasının isə ilin sonunadək tamamlanması planlaşdırılır. Ərazisi 250 hektar olan yeni aeroportun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr təşkil edəcək.

“Füzuli” yarımstansiyasının fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. Yeni aeroportun və Zəfər yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə yaradılacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Xatırladaq ki, “Füzuli” yarımstansiyası Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu il iyunun 14-də istifadəyə verilib.

Sonra diplomatik korpusun nümayəndələri, o cümlədən xarici ölkələrin səfirləri, hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri Şuşa şəhərinə gəliblər. Şuşa ilə tanışlıq Qala divarlarının qarşısından başlanıb. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa İşğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Onlar şəhərdəki Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən bu məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Türkiyə, Pakistan, Qətər, Liviya və digər müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhərağa məscidində namaz qılıb, dua ediblər.

Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Yuxarı Gövhərağa məscidinə müqəddəs “Qurani-Kərim” hədiyyə edib.

Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri ziyarət olunub.

Bildirilib ki, işğal illərində ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər öz əvvəlki yerinə qaytarılıb.

Daha sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə baxış keçirilib, Qazançı kilsəsində aparılan təmir-bərpa işləri ilə tanışlıq olub.

Səfər iştirakçılarına Pənahəli xanın sarayının, Mehmandarovların malikanə kompleksinin tarixi haqqında məlumat verilib, işğal dövründə xan sarayının və malikanə kompleksinin erməni vandallığına məruz qaldığı bildirilib. Qonaqlar erməni vəhşiliyinin canlı şahidi olublar. Hazırda kompleksdə bərpa işləri aparılır.

Sonra Qazançı kilsəsinə gedən qonaqlara işğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi barədə məlumat verilib. Bildirilib ki, bərpa işləri Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Qeyd edək ki, səfər iştirakçıları tarixi Şuşa Bəyannaməsinin imzalandığı ərazidə və qədim Mərdinli məhəlləsində də olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.