İQTİSADİYYAT
Azərbaycandakı iqtisadi islahatlar Şərq Tərəfdaşlığı biznes-forumunda təqdim olunacaq
Bakı, 24 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Estoniyada Şərq Tərəfdaşlığı üzrə 4-cü biznes-forumda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti ilə bu ölkəyə səfər edib.
Bu barədə AZƏRTAC-a məlumat verən İİTKM-in PR meneceri Zənurə Talıbova bildirib ki, forum ənənəvi olaraq Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı Sammitindən əvvəl keçirilir və Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edir. Forumda açılış nitqini Estoniyanın Prezidenti Kersti Kaljulaid, Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han və Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak edəcəklər. Forumun "E-hökümət və rəqəmsal iqtisadiyyat" mövzusunda ilk plenar sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü və "B.EST Solutions" şirkətinin rəhbəri Yana Krimpe çıxış edəcək. Forumda Azərbaycanda elektron iqtisadiyyatın və idarəçiliyin inkişafı, o cümlədən, "Mobil İD" layihəsi, "Rəqəmsal Ticarət Qovşağı" və "Azexport" portal barədə təqdimatlar olacaq, eyni zamanda, ölkədə aparılan uğurlu iqtisadi islahatlar müzakirə ediləcək.
Səfər zamanı İİTKM ilə Estoniyanın Şərq Tərəfdaşlığı Mərkəzi arasında qarşılıqlı anlaşma memorandumu imzalanacaq. Memorandum Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı kimi mövqeyinin gücləndirilməsi üçün Aİ və ölkəmiz arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir.
İİTKM-in icraçı direktoru V.Qasımlı Estoniyada dövlət və biznes qurumlarının nümayəndələri, habelə xarici ölkə təmsilçiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycanda aparılan iqtisadi islahatlar, Strateji Yol xəritələrinin icrası, biznes mühitinin təkmilləşdirilməsi və e-iqtisadiyyat quruculuğu barədə geniş məlumatlar veriləcək.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.