CƏMİYYƏT


Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini qətiyyətlə davam etdirir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-da dövlət sərhədinin pozulmasının qarşısı Xidmət əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində alınıb. Belə ki, saat 02:25 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkarlanıb. Sərhəd zastavasının və qonşu bölmələrin şəxsi heyəti tərəfindən sərhəd pozucusunun mümkün hərəkət istiqamətləri qapadılıb və ərazidə təxirəsalınmaz axtarış tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar birgə tədbirlərin görülməsi məqsədilə İran İslam Respublikasının Aslanduz sahəsi üzrə sərhəd nümayəndəsi dərhal məlumatlandırılıb. İranın sərhəd mühafizə orqanları tərəfindən həmin istiqamətdə sərhəd mühafizə tədbirləri gücləndirilib.

Görülmüş tədbirlər nəticəsində saat 03:20-də sərhəd pozucusu aşkarlanıb. O, təqib zamanı xəbərdarlıq atəşindən istifadə edildikdən sonra tutulub. Araşdırma zamanı sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilib və onun Beyləqan rayonu 2-ci Şahsevən kənd sakini 1984-cü il təvəllüdlü Muradov Rahil Məsim oğlu olduğu müəyyənləşib.

Həmin ərazinin yoxlanılması nəticəsində AKM-74 markalı silah, bir patron darağı, 7,62 millimetrlik 19 patron və sərhəd pozucusunun digər əşyaları aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.