REGİONLAR
Azərbaycandan Moldovaya at əti ixrac olunacaq
Bakı, 5 dekabr, AZƏRTAC
Gələn il Azərbaycandan Moldovaya at əti ixrac olunacaq. Bu, hər iki ölkənin müvafiq şirkətləri arasında 2016-cı ildə bağlanmış müqaviləyə əsasən reallaşacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə bir neçə regionda, o cümlədən Gəncə regionunda at kəsimi sexlərinin təşkil olunması planlaşdırılır. Həmin at kəsimi sexləri soyuducu anbar və refrejatorlarla təchiz ediləcək. Eləcə də sexlərdə baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək.
At kəsimi sexlərində yalnız çıxdaş və damazlığa yaramayan atların baytar həkiminin nəzarəti altında ayrıca kəsilməsi, soyulması və ətin tədarük olunması, soyuducu kameralara yığılaraq Moldovaya göndərilməsi nəzərdə tutulur.
DBNX bildirir ki, at kəsimi sexlərində atlar baytar həkiminin nəzarəti altında kəsiləcək, baytarlıq-sanitariya ekspertizasından keçiriləcək və yalnız bundan sonra Moldovanın müvafiq şirkətləri vasitəsilə həmin ölkəyə ixrac olunacaq.