CƏMİYYƏT
Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərən Şri-Lanka vətəndaşları saxlanılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 4-də saat 03:30-da Xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 10 Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyənləşdirilib.
DSX tərəfindən bu ilin sentyabr, oktyabr və noyabr ayları ərzində qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində 100 nəfər saxtalaşdırılmış pasport, viza və tarix möhürləri ilə dövlət sərhədini keçməyə cəhd göstərərkən, 160 nəfər isə dövlət sərhədini pozduqlarına görə saxlanılıb.
Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.