İQTİSADİYYAT
Azərbaycandan beş ayda 1,5 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub




Bakı, 6 iyun, AZƏRTAC
Cari ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyun sayına istinadla xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1 faiz artıb. 2023-cü ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub. 2023-cü ilin ilk 5 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, meyvə-tərəvəz ixracı isə 10,4 faiz artıb. 2023-cü ilin yanvar-may ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları olub. Bu ilin may ayı ərzində yeyinti məhsulları üzrə ixrac 98,2 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 180 milyon ABŞ dollarına bərabər olub.