İQTİSADİYYAT
Azərbaycandan gündəlik 640 min barreldən çox neft və neft məhsulları göndərilib
Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC
Azərbaycandan keçən il gündəlik orta hesabla 640,1 min barrel xam neft və neft məhsulları ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Ötən il Xəzəryanı ölkələrdən Rusiyanın sutkalıq neft və neft məhsulları ixracı 7 milyon 540,1 min barrel, İranın 3 milyon 117,5 min barrel, Qazaxıstanın isə 1 milyon 516,6 min barrel təşkil edib.
Gündəlik xam neft və neft məhsulları ixracına görə dünyada ilk sırada 8 milyon 406,5 min barrel ilə Səudiyyə Ərəbistanı, ikinci yerdə Rusiya (7,5 milyon barrel), üçüncü sırada 6 milyon 343 min barrellə ABŞ, dördüncü yerdə 3 milyon 822,1 min barrellə İraq, beşinci sırada isə 3 milyon 403 min barrel ilə Kanada qərarlaşıb. Dünyada sutkalıq neft və neft məhsulları ixracı ən az olan ölkə 99,5 min barrellə Bruneydir.
Keçən il qlobal xam neft və neft məhsulları ixracı gündəlik 75 milyon 905,6 min barrel olub. Bu həcmin 39,4 faizi, yəni sutkalıq 29 milyon 928,7 min barreli OPEC-ə üzv ölkələrdən ixrac edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə gündəlik neft və neft məhsulları ixracı 23 milyon 416,3 min barrel, keçmiş Sovet İttifaqına üzv ölkələr üzrə isə 10 milyon 548 min barrel olub.