İQTİSADİYYAT


Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutları ilə bağlı Pakistanla əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutları ilə bağlı Pakistanla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra ikitərəfli görüşləri zamanı aparılıb.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kuniyo Mikuriya ilə görüşdə, dünyada baş verən iqtisadi proseslərin fonunda gömrük xidmətlərinin fəaliyyəti, beynəlxalq ticarətin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi istiqamətində yeni çağırış və metodlar, perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ÜGT ilə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib, təşkilatın Azərbaycandakı regional tədris və kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinə toxunub, bu qurumların ümumi işə töhfəsinin önəmini diqqətə çatdırıb.

Kuniyo Mikuriya rəhbəri olduğu qurumda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini deyib, qarşılıqlı əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Baş katib Azərbaycan gömrüyünün modernləşmə, kadrların peşəkarlıq səviyyəsinin artırılması, elmi araşdırma və nailiyyətlərin gömrük sahəsində tətbiqi məsələlərinə xüsusi önəm verməsini təqdirlə qarşıladıqlarını vurğulayıb.

Pakistan İslam Respublikası Baş nazirinin gəlirlər üzrə müşaviri, dövlət naziri Harun Axtar Xan ilə keçirilən görüşdə Azərbaycan-Pakistan arasında əsrlərə söykənən dostluq və strateji əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib. İki ölkənin siyasi, iqtisadi və humanitar sahədəki əlaqələrinin perspektivləri, gömrük xidmətlərinin bu istiqamətdə rolu müzakirə olunub.

Eyni zamanda, tarixi İpək Yolunun bərpası istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərqlə Qərb arasında yükdaşımalarının asan və sürətli şəkildə həyata keçirilməsində önəminə toxunulub, iki ölkənin bu istiqamətdə əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu Gömrük Xidmətinin rəhbəri Məhəmməd Zahid ilə də görüşüb. Görüş zamanı bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin mövcud olduğu vurğulanıb. Son illər regionda nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələrin Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə, ticarət dövriyyəsinin artmasına təkan verəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyü qeyd edilib və beynəlxalq ticarətin asan və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da artırılmasının vacibliyi vurğulanıb.

İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə keçirilən görüşdə qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında mallar və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsi və əməkdaşlığın perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.