İQTİSADİYYAT
Azərbaycandan keçən tranzit yüklərin həcmi artır
Tehran, 1 oktyabr, AZƏRTAC
Cari ilin ilk yarısında İran təkcə Astara gömrük məntəqəsindən Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək 7 milyon 38 min dollarlıq ixrac, 34 milyon 283 min dollarlıq isə idxal əməliyyatı həyata keçirib.
Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında İranın Astara Gömrük İdarəsinin rəisi Rəsul Ümidi deyib. O bildirib ki, idxal-ixrac əməliyyatları zamanı yükdaşımalar dəmir yolu vasitəsilə həyata keçirilib. Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi İranın Rusiya ilə idxal-ixrac əməliyyatlarının artımına səbəb olub.
Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir qolu olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti 2017-ci ildə istifadəyə verilib. Gələcəkdə İranın Qəzvin-Rəşt dəmir yolu Astara şəhərinə qədər çəkiləcək. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsi cari ilin martında istismara buraxılıb. Yolun Rəşt-Astara hissəsində isə işlər davam edir. Yol tam istifadəyə verildikdən sonra təkcə İran deyil, eyni zamanda, Cənub-Şərqi Asiya ölkələri də Rusiya və Avropa dövlətləri ilə ixrac-idxal əməliyyatları zamanı yükdaşımaları bu yoldan istifadə edərək həyata keçirəcəklər. Azərbaycan isə yükdaşımalardan əldə etdiyi tranzit gəlirin həcmini artıracaq.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran