CƏMİYYƏT


Azərbaycandan olan gənc fəal BMT-nin İqlim üzrə ilk Gənclər Sammitində iştirak etmək üçün “Yaşıl Bilet” qazanıb

Bakı, 22 avqust, AZƏRTAC 

BMT dünyanın müxtəlif ölkələrindən seçilmiş 100 gənc fəalın bu ilin sentyabrın 21-də Nyu-Yorkda keçiriləcək İqlim üzrə Gənclər Sammitində iştirakı üçün dəstək alacağını bəyan edib.

Qurumun Azərbaycandakı ofisindən AZƏRTAC-a bildiriblər ki, həmyerlimiz olan gənc fəal Nicat Eldarov 100 “Yaşıl Bilet” qazananlar sırasındadır.

“Yaşıl Bilet” qalibləri BMT-nin ilk dəfə keçirəcəyi İqlim üzrə Gənclər Sammitində iştirak üçün seçilmiş iqlim sahəsində 500-dən çox gənc liderin sırasına qoşulacaq. Bu zirvə görüşü iqlim dəyişikliyinə qarşı mübarizə aparan gənc liderlərə öz həll yollarını qlobal səhnədə nümayiş etdirmək, eləcə də bu aktual və vacib problemlə bağlı qərar qəbul edənlərlə birbaşa əlaqə yaratmaq üçün bir platforma olacaq. Gənc liderlər İqlim üzrə Gənclər Sammitində aparılan müzakirələrin nəticələrini sentyabrın 23-də keçiriləcək İqlim üzrə Fəaliyyət Sammitində təqdim edəcəklər.

Dünyanın bütün regionlarını təmsil edən 100 “Yaşıl Bilet” qalibi, yaşı 18-dən 29-a kimi olan 7000-dən çox namizədin arasından iqlim böhranının həlli və inkişaf yolları sahəsindəki fəaliyyətlərinə görə seçilib. Qaliblər İqlim üzrə Gənclər Sammitində iştirak məqsədilə Nyu-Yorka ekoloji cəhətdən ən az zərərli marşrutla səyahət edəcəklər.

BMT-nin baş katibi Antonio Quterreş “Yaşıl Bilet” qaliblərini videomüraciət vasitəsilə təbrik edib: “Dünyanın hər bir yerində yaşayan gənclərə sammiti onlayn izləməyə və öz ölkələrində iqlim fəaliyyətinin müvəkkili olmağa səsləyirəm”.

İqlim üzrə BMT-nin Gənclər Sammiti haqqında ətraflı məlumat üçün: https://www.un.org/en/climatechange/youth-summit.shtml saytını nəzərdən keçirə, Sammitlə bağlı ən son yenilikləri “Twitter”, “Instagram” və “Facebook”da @UNYouthEnvoy-səhifəsindən izləmək olar.

BMT baş katibinin təşəbbüsü ilə keçirilən 2019-cu il İqlim üzrə Fəaliyyət Sammiti haqqında əlavə məlumatı https://www.un.org/en/climatechange/index.shtml saytından, tədbirlə bağlı ən son xəbərləri isə “Twitter”də @ledealba hesabından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.