MƏDƏNİYYƏT


“Azərbaycanfilm” kinostudiyasında yeni layihələr hazırlanır

Bakı, 11 avqust, Emil Məlikov, AZƏRTAC

Bildiyiniz kimi 2023-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi tamam olur. Bu münasibətlə davamlı tədbirlər planı hazırlanır. “Azərbaycanfilm”in indiyə qədər istehsal etdiyi filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulur. Bu günlərdə kinostudiyanın yeni loqosu və saytı geniş ictimaiyyətə təqdim edildi. Həmçinin Qarabağ mövzusunda olan tammetrajlı filmlərin ssenari müsabiqəsinin nəticələri də elan olundu. Bundan əlavə, müsabiqədə ilk üçlüyə düşən maraqlı ssenarilər üzərində işlər, eyni zamanda, həmin ssenarilərin müəllifləri ilə danışıqlar aparılacaq. Həmin ssenarilərin müştərək istehsalı ilə bağlı fəaliyyətlər nəzərdə tutulub. Hazırda “Azərbaycanfilm” kinostudiyasında paralel olaraq bir neçə filmin istehsalı aparılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirib.

Hazırlıq prosesində olan “Mehmandarovlar” bədii-sənədli filminin Mehmandarovun nəslindən bəhs etdiyini bildirən R.Ələkbərov deyib: “Ekran əsərinin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifi isə tanınmış tədqiqatçı-alim Vasif Quliyevdir. Həmin filmdə Mehmandarovlar nəslinin Azərbaycan tarixindəki yeri barədə məlumat verilir. Hazırda həmin nəslin davamçıları ilə görüşlər keçirilib. Rejissor Y.Rzayev bu filmi də digər sənədli filmləri kimi maraqlı üslubda hazırlamaq niyyətindədir. Belə ki, Mehmandarovlar nəslinin bir nümayəndəsi qəhrəman olaraq seçiləcək və həmin qəhrəman vasitəsilə paralel olaraq şəcərənin yaşadığı dövrdə Azərbaycan tarixinin bəzi məqamlarından söhbət açılacaq. Filmin Şuşadakı Mehmandarovlar malikanəsində aparılan çəkilişləri artıq yekunlaşıb. Bakıdakı pavilyon çəkilişləri də artıq yekunlaşmaq üzrədir. Yaxın iki ay ərzində filmin geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.

Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə sənədli film çəkdiyini vurğulayan kinostudiyanın mətbuat xidmətinin rəhbəri qeyd edib ki, şərti adı “ANAMA” olan bu filmin qəhrəmanları minaaxtaranlardır, onlar həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə öz həyatlarını təhlükəyə ataraq azad olunan ərazilərin minadan təmizlənməsi işini həyata keçirirlər.

Onun sözlərinə görə, filmin rejissoru və ssenari müəllifi Murad İbrahimbəyovdur. Ekran əsərinin ilin sonunadək geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Bu filmin ölkə ərazisində, həm də ölkə xaricində nümayişi planlaşdırılır.

Həmçinin ilin sonuna qədər “Azərbaycanfilm”in istehsalı olan daha iki ekran əsərinin kinosevərlərə təqdim olunacağını qeyd edən kinostudiyanın mətbuat xidmətinin rəhbəri R.Ələkbərov deyib: “İki il ərzində “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və “İctimai TV”nin birgə istehsalı olan 10 film ərsəyə gətirilib. Onuncu filmin sentyabr ayında geniş kütləyə təqdim olunması nəzərdə tutulur. Həmin sənədli filmlər silsiləsindən olan daha iki film üzərində hazırlıq prosesinə başlanılıb. Çox güman ki, ilin sonuna qədər həmin iki film də ictimaiyyətə təqdim olunacaq”.

Ramil Ələkbərov “Azərbaycanfilm” kinostudiyasınin Kino Agentliyinin tabeliyində fəaliyyət göstərəcəyini bildirərək deyib: “Çox güman ki, bu ilin sonuna qədər Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətə başlayacaq. Digər kino qurumları kimi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da Kino Agentliyinin tabeliyində fəaliyyət göstərəcək. Strukturun tam olaraq fəaliyyət mexanizmi agentliyin yaradılmasından sonra məlum olacaq”

Kinostudiyanın saytı üzərində təkmilləşdirmə işlərinin aparıldığını bildirən R.Ələkbərov saytın sentyabrın əvvəlində tam hazır formada kinosevərlərin ixtiyarına veriləcəyini söyləyib: “Saytda kinostudiyanın indiyə kimi istehsal etdiyi filmlərin kataloqu olacaq. Həmçinin filmlər haqqında geniş informasiya və kinostudiyanın gördüyü işlər, elanlar, xəbərlər, eləcə də ekran əsərlərinin resenziyaları saytda yer alacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.