“Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti - 100 yaşlı elm mərkəzi" adlı tədbir təşkil olunub
AzerTAg.az
Bakı, 24 may, AZƏRTAC
Nəriman Nərimanovun xatirə muzeyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) tarix kafedrası ilə birgə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti - 100 yaşlı elm mərkəzi" adlı tədbir keçirib. Tədbir cəmiyyətin yaradılmasının 100 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə 1923-cü ildə elmi-tədqiqat işləri aparmaq məqsədilə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) respublikada elmin və mədəni-maarif işinin inkişafında oynadığı rolundan danışılıb.
Tədbiri giriş sözü ilə Nəriman Nərimanovun xatirə muzeyinin direktoru Ləman Hüseynova açaraq cəmiyyətin 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaranmasını qeyd edərək, fəaliyyəti barədə danışdı. Bildirdi ki, qonaqlar cəmiyyət haqqında maraqlı məlumatlar öyrənmək imkanı əldə edəcəklər.
DİA-nın tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova qonaqları salamlayaraq ATTC-nin yaranma tarixdən danışıb. Qeyd etdi ki, Azərbaycanın, eləcə də qonşu regionların tarixi, arxeologiyası, etnoqrafiyası, təbii sərvətləri, elm və mədəniyyətinin öyrənişməsində bu cəmiyyətin mühüm xidmətləri olub. “Azərbaycan haqqında materialın toplanması, tədqiqi və nəşri ilə məşğul olmaqla yanaşı cəmiyyət, eyni zamanda həmin nəşrlərin elmi ictimaiyyət arasında təbliğini və yayılmasını da təşkil etmişdi”, - deyə F. Əhmədova vurğuladı.
Azərbaycan Dillər Universitetinin professoru Həmidə Əliyeva cəmiyyət haqqında apardığı araşdırmalardan danışıb: “1994-cü ildən cəmiyyətin tarixi barədə araşdırmalara başladım. Cəmiyyətin bir arxivi olmadığı üçün materialların toplanmasında çətinlik çəkirdim. Bir çox mənbələrdən, onların müasirləri olmuş şəxslərin elmi əsərlərindən məlumat toplayıb 1999-cu ildə ATTC-e haqqında bir monoqrafiya çap etdirdim”.
Tədbirdə Azərbaycanın 100 yaşlı ilk elm mərkəzinin yubiley tədbirlərinin keçirilməsi, onun fəaliyyətinin geniş şəkildə öyrənilməsi, cəmiyyətin xətti ilə aparılan elmi-tədqiqat və elmi-təşkilat işlərinin üzə çıxarılması, Azərbaycanda elmi fikrin sonrakı inkişafında ATTC-in rolunun aydınlaşdırılması barədə fikirlər səsləndirilib.



Xəbərin mətnində orfoqrafik səhv var