İDMAN
Azərbaycanı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında təmsil edəcək stolüstü tennisçilər yarışlara hazırdır
Bakı, 1 oktyabr, AZƏRTAC
Stolüstü tennisçilərimiz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ilk dəfə təmsil olunacaqlar. Olimpiadada bu idman növündə ciddi rəqabət gözlənilir. Çalışacağıq ki, bizə bəslənilən ümidləri doğruldaq.
Bu sözləri AZƏRTAC-a stolüstü tennis üzrə yığma komandanın məşqçisi Fərhad İsmayılov deyib. O hər iki stolüstü tennisçinin güclü potensiala malik olduğunu bildirib: “İlk lisenziyanı komandamıza Ninq Jinq qızlar arasında ötən il noyabr ayında Xorvatiyanın Split şəhərində keçirilən Avropa təsnifat turnirində qazandırıb. İkinci vəsiqəyə isə Yu Xinhanq Tunisdə təşkil edilən təsnifat turnirində sahib olub. Qeyd edim ki, tennisçilər lisenziya qazanmaq üçün beş yarışda iştirak etməli idilər. Ninq Jinq elə ilk yarışda çempion olmaqla lisenziyanı təmin edib. Oğlanlar arasında isə Yu Xinhanq lisenziyasını üçüncü yarışda qazanıb. Onu da əlavə edim ki, stolüstü tennis idman növündə lisenziya təsnifat turnirlərində yalnız birinci yeri tutan idmançıya verilir”.
Fərhad İsmayılov idmançıların hazırlığı ilə bağlı bunları deyib: “İdmançılarımız Rumıniyada keçirilən Avropa çempionatından sonra Çində təlim-məşqlərdə iştirak ediblər. Stolüstü tennisçilərimiz yaxşı fiziki formadadırlar”.
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-dan 18-dək Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.