ELM VƏ TƏHSİL


Azərbaycanı kibertəhlükəsizlik üzrə bacarıq yarışında təmsil edəcək namizəd müəyyənləşib

Bakı, 27 iyul, AZƏRTAC

Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə “WorldSkills Azerbaijan” platforması tərəfindən ölkəmizi kibertəhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçirilib.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, seçim mərhələsinin nəticələrinə əsasən ən yaxşı nəticə göstərən namizədlərdən olan Hüseyn Qəmbərov iyulun 28-31-də “WorldSkills Asia” tərəfindən təşkil ediləcək kibertəhlükəsizlik üzrə yarışda Azərbaycanı təmsil etmək hüququ əldə edib. Onlayn formatda təşkil edilən yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur.

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində keçirilən seçim turuna onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçı qatılıb. Ümumilikdə iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edib və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll ediblər. Yarış ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunub.

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.