CƏMİYYƏT


Azərbaycanı təmsil edən bələdiyyə üzvləri Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak ediblər

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycanı təmsil edən bələdiyyə üzvləri Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak ediblər.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Türk Dünyası Bələdiyyələri Birliyi (TDBB) və BMT-nin İnkişaf Proqramının (UNDP) Türkiyə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan bələdiyyə üzvlərinin məlumatlandırma və təcrübə mübadiləsi proqramı” təşkil edilib. İstanbulda keçirilən tədbirlərdə Bakı şəhərinin Nərimanov, Yasamal, Nizami, Binəqədi, Səbail, Lökbatan, Hövsan, həmçinin Sumqayıt şəhər və Abşeron rayonunun Saray bələdiyyələrinin rəhbərliyini təmsil edən nümayəndələr iştirak ediblər.

Əvvəlcə Türk Dünyası Bələdiyyələri Birliyinin Mərkəzi Qərargahında nümayəndələr üçün səfər proqramının təqdimatı olub. TDBB-nin baş katibi Fahri Solak çıxış edərək 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə münasibətilə azərbaycanlı həmkarlarını təbrik edib. O, koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasından sonra ilk tədbirin məhz Azərbaycanın yerli özünüidarəetmə orqanları üçün təşkil edildiyini qeyd edib və təcrübə proqramı barədə məlumat verib.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Türk Dünyası Bələdiyyələri Birliyinin idarə heyətinin üzvü Təmraz Tağıyev hər iki ölkə arasında müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, xüsusən də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu ilin iyun ayında imzalanmış tarixi Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin əhəmiyyətini qeyd edib.

Səfərin ilk günündə BMT-nin İnkişaf Proqramının nümayəndələri tərəfindən “Azərbaycanın İnfrastruktur və şəhərsalma layihələri və mümkün əməkdaşlıq”, “Yerli idarəetmələr üçün yenilikçi maliyyə vasitələri”, “Şəhərlərin effektiv və səmərəli idarə olunması” mövzusunda təqdimatlar keçirilib.

Tədbir iştirakçıları İstanbulun Esenler, Bağcılar, Ümraniyə və Pendik bələdiyyələrində təcrübə mübadiləsində iştirak ediblər. İstanbul bələdiyyələrində təşkil edilən tanışlıq proqramına uyğun olaraq “Ağıllı şəhər tətbiqləri”, “Yerli idarəetmələr üçün yenilikçi maliyyə vasitələri”, “Bələdiyyə müəssisələri və faydalanma tətbiqləri”, “Tullantıların idarə edilməsi” və digər mövzular üzrə təqdimatlar keçirilib. Nümayəndələrimizi maraqlandıran suallara aydınlıq gətirilib.

İstanbulun Bağcılar bələdiyyəsi tərəfindən Bakının Binəqədi rayonu ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması təşəbbüsü irəli sürülüb.

Sonda belə təcrübə mübadiləsi proqramlarının Türk Dünyası Bələdiyyələri Birliyinin xətti ilə davamlı olaraq təşkil ediləcəyi qeyd edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.