ELM VƏ TƏHSİL


Azərbaycanı təmsil edən gənc alim beynəlxalq konqresdə təklif verib

Bakı, 3 dekabr, AZƏRTAC

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev Rusiyanın Krasnodar vilayətində keçirilən beynəlxalq konqresdə iştirak edir.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, gənc alimlərin konqresində Azərbaycanı təmsil edən Elmir Babayev “Dünya elmi və texnoloji inkişaf üçün prioritetlər: 2030-cu ilə baxış” mövzusunda sessiyada plenar məruzə ilə çıxış edib.

O, ölkəmizdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edildiyini söyləyib. Bildirib ki, bu model ölkənin bütün resurslarını və nailiyyətlərini səfərbər etməklə, onları uzunmüddətli dövrdə qarşıya qoyulan strateji vəzifələrin reallaşmasına yönəldəcək.

“İdeologiyanın mərkəzində yaradıcı sahibkar, məhsuldar yatırımlar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur. Bu inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlər işə salınacaqdır. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə bu təməl şərtlərin komplementarlığı şəraitində milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılmasına nail olunacaqdır”, - deyə E.Babayev bildirib.

Gənc alim “təmiz ətraf mühit və yaşıl artım ölkəsi üzrə strateji çərçivəyə” diqqət çəkərək ətraf mühitə dost sənayeləşməni təşviq etmək üçün prioritet istiqamətləri qeyd edib. Ölkəmizin 2030-cu ilə baxış mövqeyindən çıxış edən E.Babayev davamlı və dayanıqlı enerji, həmçinin qida təminatı üçün region gənclərinin birgə layihələrdə təmsil olunmasını təklif edib. O, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət üzrə strateji çərçivəyə fokuslanaraq qadınların elmi-texniki yeniliklərə çıxışını yaxşılaşdırmaq üçün yalnız qadınların iştirakı ilə layihə və müsabiqələrin həyata keçirilməsi təklifini irəli sürüb.

Sessiyanın yekununda səslənən təkliflər ətrafında müzakirələr aparılıb və mühüm tezislər formalaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.