CƏMİYYƏT
Azərbaycanın 10 milyonuncu sakininin doğulması münasibətilə Pirallahıda 500-dən çox ağac və gül kolu əkilib
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, keçirilən ağacəkmə aksiyası zamanı Səməd Vurğun küçəsində 500-dən çox ağac və gül kolu əkilib.
Sonra Pirallahı qəsəbəsində yerləşən Uşaq Parkında tədbir keçirilib. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli bildirib ki, son illərdə Azərbaycan əhalisinin sayı sürətlə artır. Bu, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycanda iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahının yaxşılaşması istiqamətində görülən böyük işlərin nəticəsidir. Aparılan sosial-iqtisadi siyasətin əsas uğurlarından biri kimi, dayanıqlı inkişaf şəraitində Azərbaycanda müsbət demoqrafik şərait bərqərar olub.
Tədbir tanınmış incəsənət ustalarının ifasında konsert proqramı və məktəblilər tərəfindən hazırlanmış fləşmobla davam edib.