REGİONLAR
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Astarada da böyük sevinclə qarşılanıb
Astara, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Həyata göz açan hər körpə dünyaya ümid, sevinc və sevgi, torpağa basdırılan hər fidan isə təbiətə yeni təravət və gözəllik gətirir. Süd qoxulu körpələr dünyamızın, həyatımızın, ana torpağa basdırılan ağac tingləri isə təbiətin davamı və sabahıdır...
Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi Astarada da böyük sevinclə qarşılanıb. Rayon sakinləri bu əlamətdar hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara şəhərindəki park-bulvar kompleksində bu münasibətlə konsert təşkil olunub.
Rayon sakinləri incəsənət ustalarının ifasında şən mahnılar dinləyib, atəşfəşanlığı izləyiblər.
Astara şəhərindəki yeni salınmış İpək yolunun ətrafında və dənizkənarı park-bulvar kompleksinin ərazisində ölkəmizin yeni doğulan on milyonuncu sakininin şərəfinə ağacəkmə aksiyası təşkil edilib.