CƏMİYYƏT
Azərbaycanın 10 milyonuncu vətəndaşının doğulması münasibətilə tədbirlər keçirilib
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının 10 milyonuncu vətəndaşının doğulması münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan, Zərdab, Saatlı, Sabirabad, Qəbələ, Zaqatala, İsmayıllı, Ağdam, Göygöl, Hacıqabul və Goranboy Uşaq və Ailələrə Dəstək mərkəzləri silsilə tədbirlər həyata keçirirlər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonu 1 saylı tam orta məktəbdə, Sabirabad 1 saylı uşaq bağçasında və Uşaq və Ailələrə Dəstək mərkəzlərində “Ailənin qurulması, qorunması və ailə dəyərləri” mövzusunda maarifləndirmə tədbirləri təşkil edilib. Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi 10 milyonuncu vətəndaşın şərəfinə ağacəkmə aksiyası keçirib və rayonun Bayraq Meydanı ərazisində, İmamqulubəyli yüksəkliyində yüz ədəd ağac əkilib.
Tədbirlərdə qeyd edilib ki, ailə kiçik dövlətdir. Sədaqət, məhəbbət, birlik, zəhmətkeşlik kimi məfhumlar Azərbaycan ailəsinin bünövrəsini təşkil edir. Çıxış edənlər Ulu Öndərin sözlərini yada salıblar: “Hər bir kəsin arzusu ailə qurmaq və ailə sahibi olmaq, uşaq dünyaya gətirmək, uşaq atası və uşaq anası olmaqdır. Bundan böyük xoşbəxtlik yoxdur”.