REGİONLAR
Azərbaycanın 10 regionunda peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində işlər davam etdiriləcək VİDEO
Cəlilabad, 5 noyabr, Bağır Əliyev, AZƏRTAC
Avropa İttifaqının, Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə əsaslı təmir edilən və yenidən qurulan Cəlilabad Peşə Təhsili və Təlimi Mərkəzinin emalatxanasının istifadəyə verilməsi Azərbaycanda təhsil proqramının həyata keçirilməsinə öz töhfəsini verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassett noyabrın 5-də Cəlilabadda olarkən jurnalistlərə verdiyi müsahibəsində bildirib.
Peşə təhsili emalatxanasının Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” adlı layihə çərçivəsində yenidən qurulduğunu qeyd edən Alessandro Frakassett layihə çərçivəsində peşə təhsilinin inkişafı və gənclərin karyera, peşə imkanları ilə yanaşı, əmək bazarının tələblərini müəyyən etmək üçün xüsusi qiymətləndirmə aparıldığını bildirib. O deyib: “Qiymətləndirmədə məqsəd hansı peşələrə və ixtisaslara daha çox ehtiyac olduğunu müəyyənləşdirməkdir. Apardığımız araşdırmalar nəticəsində Cəlilabadda üzümçülüyün və şərabçılığın aparıcı sahələr olduğunu müəyyən etmişik.
Yerli imkanları, bu sahələrdə əmək bazarının tələblərinə uyğunlaşdırmaq və təhsillə məşğulluq arasında körpü yaratmaq məqsədilə BMT İnkişaf Proqramı mövcud vəziyyət və bazarla bağlı təhlillər aparıb”.
Azərbaycanın peşə təhsili sisteminin gücləndirilməsi və müasirləşdirilməsi məqsədini daşıyan bu müştərək proqramın Gəncədə və Cəlilabadda Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə BMT İnkişaf Proqramı tərəfindən həyata keçirildiyini vurğulayan BMT-nin səlahiyyətli nümayəndəsi layihə çərçivəsində Azərbaycanın 10 regionunda peşə təhsili sisteminin müasirləşdirilməsi istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdıraraq deyib: “Cəlilabadda gördüyünüz bu peşə təhsili kompleksinin tikintisi Azərbaycanın digər regionlarında da davam etdiriləcək”.
Ölkə səviyyəsində “Strateji yol xəritəsi”nə uyğun olaraq məktəblərin müasirləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirən BMT nümayəndəsi peşə təhsili müəssisələrində tələbələrin təhsillə yanaşı, işləmək imkanlarının da diqqət mərkəzində olduğunu söyləyib.
Cəlilabada ikinci dəfə səfər etdiyini bildirən Alessandro Frakassett qısa müddətdə rayonda çoxlu işlərin görüldüyünü diqqətə çatdırıb.