İDMAN
Azərbaycanın 5 boksçusu Bakıda keçirilən beynəlxalq turnirin finalına yüksəlib

Bakı, 29 aprel, AZƏRTAC
Şağan Olimpiya İdman Kompleksində keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yeniyetmələr arasında boks üzrə beynəlxalq turnirin finalçıları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandasının 5 üzvü həlledici döyüşlərdə iştirak etmək hüququ qazanıb.
Turnirdə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Niyaməddin Allahverdiyev özbəkistanlı Cahongir Rahmonovu məğlub edərək finala vəsiqə qazanıb. Boksçumuz qızıl medal uğrunda görüşdə Özbəkistanın digər nümayəndəsi Muradjon Əliyevlə qarşılaşacaq.
Yarımfinalda rəqibi Arseni Smirnovun (Rusiya) rinqə çıxmadığına görə finala yüksələn Elton Məmmədovu (57 kq) finalda qazaxıstanlı Nurbol Sultanbay gözləyir.
Bəxtiyar Qazıbəyov (60 kq) yarımfinalda qazaxıstanlı Abilay İbrahimovdan üstün olub. Boksçumuz finalda Tuğrulxan Erdemirlə (Türkiyə) üz-üzə gələcək.
Yarımfinalda gürcüstanlı İlya Mtsariaşvili üzərində qələbə qazanan Şaiq Məlikov (70 kq) həlledici görüşdə Qazaxıstan idmançısı Daulet Zauşevlə qarşılaşacaq.
Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) də adını finala yazdırıb. Boksçumuz Türkiyə nümayəndəsi Səlahəddin Kocaoğlunu məğlub edib. Qızıl medal uğrunda görüşdə onun rəqibi qazaxıstanlı Ardak Alimxan olacaq.
Fərid Səfərli (46 kq), Cavid Hüseynov (48 kq), Polad Hüseynov (52 kq) və Orxan Həsənov (54 kq) yarımfinalda uduzaraq bürünc medalla kifayətləniblər.