SİYASƏT
Azərbaycanın ABŞ-dakı səfirliyi “Passport DC-2014” festivalının iştirakçısı olmuşdur
Vaşinqton, 4 may (AZƏRTAC). Mayın 3 -də “Passport DC-2014” festivalı çərçivəsində ölkəmizin ABŞ-dakı səfirliyi öz qapılarını ABŞ vətəndaşları və paytaxt ziyarətçilərinin üzünə açmışdır.
Tədbirdə Vaşinqtonda fəaliyyət göstərən “İpək yolu” rəqs şirkətinin (“Silk Road Dance Company”) ifasında Azərbaycan milli rəqsləri (“Nəlbəki”, “Uzundərə”, “Yallı” və s.), uşaqlar üçün üzdə rəsmlərin çəkilməsi (facepainting), ölkəmizin tarixi, adət-ənənəsi və milli mətbəxinin ləziz nümunələri qonaqlarda xüsusi heyranlıq hissi oyatmışdır.
Hər il Vaşinqtonda keçirilən “Passport DC” festivalının əsas məqsədi Amerika vətəndaşlarını müxtəlif mədəniyyətlərlə tanış etmək, insanların coğrafi biliklərini artırmaq, həmin ölkələrə səyahət etmək istəyinin reallaşdırılmasına kömək etməkdən ibarətdir.
Bu il qeyd olunan festivalda 50 ölkənin səfirliyi iştirak etmişdir. Festivalın qaydasına görə, səfirliklər gün ərzində öz qapılarını qonaqlara açır, səfirliklə tanış edir, həmin ölkənin mədəniyyətinə, mətbəxinə, tarixinə dair məlumatı qonaqlarla paylaşırlar.
“Passport DC-2014” festivalında Azərbaycan səfirliyi artıq ikinci ildir ki, iştirak edir. Festival təşkilatçılarının dediklərinə görə, ölkəmizə maraq artmaqda davam edir. Bu il səfirliyimizi iki minə yaxın insan ziyarət etmişdir. Ölkəmizin zəngin mədəniyyəti və tarixinə valeh olan qonaqlar yaxın vaxtlarda Azərbaycana səfər edəcəklərini bildirmişlər.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton