SİYASƏT
Azərbaycanın Almaniyadakı səfiri Ermənistanın təxribatları ilə bağlı “TRT Deutsch” xəbər agentliyinə müsahibə verib
Berlin, 17 oktyabr, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov “TRT Deutsch” xəbər agentliyinə geniş müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə, səfir Ramin Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi və hüquqi aspektləri, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və təxribatları, eləcə də mülki əhalinin, infrastrukturun və mədəni abidələrin atəşə məruz qalması, o cümlədən torpaqlarımızın işğalının regiondakı sülhə, sabitliyə və təhlükəsizliyə göstərdiyi mənfi təsirlər barədə ətraflı şəkildə məlumat verib.
Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı neytral bəyanatların və danışıqlara çağırışların kifayət etmədiyi bildirilib, o cümlədən beynəlxalq ictimaiyyət tərəfindən təcavüzkar Ermənistana münasibətdə təzyiqlərin olmamasının narahatlıq doğurduğu vurğulanıb, eləcə də, ATƏT-in Minsk Qrupundan və onun həmsədrlərindən gözləntilərimiz diqqətə çatdırılıb. Bu xüsusda, Minsk Qrupunun üzvü qismində Almaniyanın daha fəal rol oynamasına çağırış edilib.
Səfir, həmçinin Rusiyanın rolundan, Azərbaycan və Türkiyə arasında mövcud olan sıx münasibətlərdən, eləcə də enerji sahəsində həyata keçirdiyimiz trans-regional layihələr və onların Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən bəhs edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin