MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar artisti Avropa Parlamentində ilk dəfə keçiriləcək “Türkiyə Mədəniyyət Günləri – Bursa 2022” tədbirində çıxış edəcək
İstanbul, 30 avqust, AZƏRTAC
Avropa Parlamentində ilk dəfə “Türkiyə Mədəniyyət Günləri – Bursa 2022” tədbiri keçiriləcək. Bu çərçivədə sentyabrın 5-də Brüsseldə “Türk Dünyasının Mədəniyyət Paytaxtlarından Təəssüratlar” adlı sərginin açılışı olacaq. Tədbir çərçivəsində Azərbaycan və Türkiyəni dünyada təmsil edən ölkəmizin Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadə konsert proqramı ilə çıxış edəcək.
Bununla bağlı AZƏRTAC-a müsahibə verən Turan Manafzadə mərasimdə klassik və milli musiqi parçalardan ibarət solo fortepiano resitalı ilə çıxış edərək avropalı iştirakçılara mədəniyyətlərarası dialoqda musiqi və incəsənətin əhəmiyyətini çatdıracağını bildirib.
Bəstəkar deyib: “Musiqinin və sənətin milliyyəti yoxdur. Bütün dünyada sülh mesajlarının verilməsinə daha çox ehtiyac duyduğumuz bir zamandan keçirik. Sənətin və musiqinin birləşdirici, eləcə də bərpaedici gücünə inanılaraq bu konserti vermək üçün belə bir tədbirə dəvət edildiyimə görə çox qürurluyam”.
Hər bir xalqın mədəniyyətini özündə ehtiva edən musiqi sənətinin hamımızın ortaq mirası olduğunu deyən Turan Manafzadə bildirib: “Bu konsertdə ifa edəcəyim əsərlər arasında dünya klassikləri ilə yanaşı qardaşım, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə tərəfindən müharibələrə etiraz, sülhü təbliğ etmək üçün bəstələnən “Xocalıya” əsəri, eləcə də “Sarı gəlin”, “Çanaqqala türküsü” və öz bəstəm olan “Azərbaycanım” da yer alacaq.
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul