MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar artisti Əyyub Quliyev Polşa teatrında çıxış edib
Bakı, 29 oktyabr, AZƏRTAC
Polşanın ən böyük və qədim opera teatrlarından olan - Vroslav Opera və Balet Teatrında klassik balet şedevrlərindən olan Adolf Adamın “Jizel” əsərinin yeni quruluşda premyerası olub. Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru - Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevdir.
AZƏRTAC xəbər verir ki, səhnə əsəri dünya şöhrətli xoreoqraflar Jean Coralli və Jules Perrotun (Fransa) quruluşunda səhnələşdirilib. Onun yeni versiyası Varşava Milli Opera Teatrının baletmeysterləri Eva Glovacka və Zofia Rudnicka tərəfindən bərpa olunaraq Vroslavda yenidən tamaşaçıların ixtiyarına verilib.
Məşhur aktyorların rol aldığı tamaşa böyük maraqla qarşılanıb.
Tamaşadan sonra Vroslav Opera və Balet Teatrının direktoru Marçin Naleç-Niselovski dirijor Əyyub Quliyevə və digər iştirakçılara təşəkkür edib. Əyyub Quliyev teatrın rəhbərliyi tərəfindən yenidən sənət ocağında səhnə əsərlərinə dirijorluq etmək üçün dəvət alıb.