CƏMİYYƏT
Azərbaycanın Ankaradakı səfirliyində Türkiyənin bələdiyyə nümayəndələri ilə görüş keçirilib
Ankara, 27 yanvar, AZƏRTAC
Türkiyənin Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altayın rəhbərliyi ilə Ankara Altındağ bələdiyyəsinin sədri Asım Balcının da daxil olduğu heyət Azərbaycanın Türkiyədəki səfirliyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, səfir Xəzər İbrahim Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsindən, düşmənin təslim olmasından sonrakı proseslərdən, eyni zamanda, işğalçı Ermənistanın tamamilə viran qoyduğu ərazilərdə quruculuq işlərinin başlamasından bəhs edib, bütün bu məsələlərdə Türkiyənin göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü ifadə edib.
Səmimi qonaqpərvərliyə və Türkiyə haqqında xoş sözlərə görə minnətdarlığını ifadə edən Uğur İbrahim Altay bildirib ki, müzəffər Azərbaycan Ordusunun rəşadətli Qələbəsi hər bir türkiyəli üçün qürur mənbəyidir. Azərbaycana olan tükənməz sevgi əbədiyyətə qədər davam edəcək. Qazanılan qələbə Azərbaycan qədər Türkiyə üçün də önəmlidir.
Görüşdə ölkələrimizin eyni funksiyalı qurumları arasında əməkdaşlığa dair səmərəli fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Uğur İbrahim Altay, eyni zamanda, Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) sədri, Beynəlxalq Bələdiyyələr Birliyin həmsədridir. Türkiyə TDBB-də 2000 Azərbaycan isə 280 üzvlə təmsil olunur. Bu qurum türk dünyasında qarşılıqlı inteqrasiya, quruculuq və digər sahələrin inkişafına böyük töhfələr verməkdədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara