ELM VƏ TƏHSİL
Azərbaycanın Avropa layihələrinə qoşulması üçün geniş imkanlar yaradılıb
Bakı, 3 iyul, AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda keçirilən toplantıda iştirak edən “EaPConnect” layihəsinin rəhbəri xanım Maria Minarikova www.ict.az saytına müsahibə verib.
M.Minarikova institutda yaradılmış innovativ şəraiti, xüsusilə də “AzScienceNet” şəbəkəsinin imkanlarını yüksək qiymətləndirib. Qonaq bildirib ki, Azərbaycanın, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunun Avropanın elm və təhsil layihələrinə qoşulması üçün böyük imkanlar yaradılıb. O, birgə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduqlarını deyib.
M.Minarikova qeyd edib ki, Azərbaycan GEANT təşkilatının təqdim etdiyi yeni layihələrə qoşulmaq üçün daha çox təşəbbüs göstərməlidir. O, ölkəmizin alim və mütəxəssislərini bu yaxınlarda GEANT tərəfindən təşkil olunan kibertəhlükəsizlik üzrə seminarda iştiraka dəvət edib. Bildirib ki, hazırda Azərbaycan bu kimi tədbirlərdə təmsil olunsa da, gələcəkdə daha çox əməkdaşın yeni layihələrə cəlb edilməsi məqsədəuyğundur. Onun sözlərinə görə, bu kimi tədbirlər biliklərin paylanması və təcrübə mübadiləsinin aparılması baxımından böyük imkanlar açır.