SİYASƏT


Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da ADA Universitetində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin təsis edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərlərinin və nümayəndələrinin, tələbələrin və media təmsilçilərinin iştirak etdikləri tədbirdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, Azərbaycan Respublikasının BMT-dəki ilk daimi nümayəndəsi səfir Həsən Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin nümayəndəsi Konako Mabuçi çıxış ediblər.

ADA Universitetinin rektoru səfir Hafiz Paşayev daimi nümayəndəliyin ilk rəhbəri Həsən Həsənovla bağlı xatirələrini bölüşüb, onun diplomat kimi yüksək peşəkarlığından bəhs edib.

Ölkəmizin BMT yanında ilk daimi nümayəndəsi Həsən Həsənov Azərbaycanın BMT-yə qəbul edilməsi, BMT çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı gedən müzakirələr, qəbul olunan sənədlər və qətnamələr barədə məlumat verib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev diplomatiya və beynəlxalq münasibətlər sahəsində kadr hazırlığında Hafiz Paşayev, Həsən Həsənov kimi diplomatların təcrübəsinin böyük əhəmiyyət daşıdığını deyib, onların xatirələrinin, kitablarının tədris prosesində dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin nümayəndəsi Konako Mabuçi çıxışında ölkəmizin təkcə region üçün deyil, beynəlxalq aləmdə də nüfuzlu ölkələrdən birinə çevrildiyini qeyd edib. Ötən 30 ildə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini bildirib.

Tədbir çərçivəsində Azərbaycanın BMT yanında ilk daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Əziz oğlu Həsənovun "Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası" adlı kitabının təqdimatı olub.

Həsən Həsənov ölkəmizin BMT yanında ilk daimi nümayəndəsi kimi Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlanıldığı dövrə təsadüf edən 1990-cı illərin əvvəllərində Azərbaycan diplomatiyasının üzləşdiyi çətinliklərdən, BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə qəbul etdiyi və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan dörd qətnamənin ərsəyə gəlməsi ətrafında gedən mürəkkəb siyasi və diplomatik proseslərdən bəhs edib.

Sonda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.